Keçid linkləri

2025, 22 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:31

Xanımı Ruslan İzzətli barədə: 'Üzü şiş, rəngi isə solğun idi'


Ruslan İzzətli
Ruslan İzzətli

"ToplumTV işi" üzrə həbsdə olan, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin səhhəti ilə bağlı ailəsinin narahatlığı davam edir.

Həftəsonu, dekabrın 20-də onunla təcridxanada həyat yoldaşı Günel Manaflı görüşüb.

G.Manaflının sözlərinə görə, R.İzzətlinin səhhətindəki problemlər artıq onun xarici görünüşünə də təsir edir: "Üzü şiş, rəngi isə solğun idi. Ruslan İzzətli səhhəti ilə bağlı gündəmə gəlmək istəmir. Hətta bununla bağlı nəsə yazmamağımı da məndən istədi. Amma onun sağlamlığı mənim və övladımın öncəliyidir".

G.Manaflının əldə etdiyi məlumata əsasən, R.İzzətlinin ödündəki ağrılar kəskinləşib.

"Onun ödü həyati təhlükə yaradır. Qanına zəhərlənmə keçə bilər, bəlkə də, artıq həftələrdir davam edən "pristup"lar bunun xəbərçisidir, həyəcan təbilidir", - o vurğulayıb

G.Manaflı qeyd edib ki, həyat yoldaşı təcili əməliyyat olunmalı və öd çıxarılmalıdır: "Bu əməliyyatı biz etibar etdiyimiz klinikada və etibar etdiyimiz həkimə etdirmək istəyirik. Bunun üçün də onun azadlığa buraxılmasını tələb edirəm! Burada söhbət gənc bir insanın, sağlamlığını döyüş meydanında qoyan bir müharibə veteranının həyatından gedir!".

R.İzzətli İkinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Onun xanımının açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

27 noyabr

Ruslan İzzətli: 'Bir aydan çoxdur USM həkimi gözləyirəm'

III Respublika Platformasının qurucu üzvü, "ToplumTV işi" üzrə həbsdə olan Ruslan İzzətli saxlanıldığı Bakı İstintaq Təcridxanasında ultrasəs müayinəsi (USM) ilə təmin olunmamasından şikayətçidir.

Siyasətçinin noyabrın 27-də yayılan açıqlamasında bildirilir ki, o, bir aydan artıqdır USM üçün həkim qəbuluna yazılmağı gözləyir, lakin hələlik hər hansı müsbət nəticə əldə olunmayıb: "Artıq ağrılardan gecə ağrıkəsici vurmaq məcburiyyətində qalıram. Ən böyük narahatlığım ödümdə hər hansısa bir dəyişikliyin olub-olmamasıdır. Öd funksiyasını itirib, cərrahi əməliyyatla götürülməlidir. Həbsxana şəraitinə görə cərrahi əməliyyata girmirəm".

R.İzzətli əlavə edib ki, amma səhhətini davamlı nəzarətdə saxlayır, qidalanmasına diqqət edir. "Son həftələr ağrıların intensivləşməsi USM-dən keçməyimi tələb edir. Penitensiar Xidmətin USM həkimi, görünür, yoxdur...", - siyasətçi vurğulayıb.

"Ümid edirəm ki, 2026-cı il dövlət büdcəsində həbsxanalarda olan minlərlə vətəndaşı düşünüb Ədliyyə Tibb Xidmətinə peşəkar həkimlərin cəlbi üçün büdcə ayrılacaq", - o, sonda da əlavə edib.

R.İzzətli İkinci Qarabağ müharibəsinin də iştirakçılarındandır.

Hələlik onun bu müraciətinə Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

"ToplumTV işi"...

"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb. Bu iş üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, ToplumTV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Hazırda məhkəmələri gedir.

Xatırlatma

Bütövlükdə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduğunu deyirlər.

Rəsmilər isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə, siyasi motivlərlə həbs olunmadığını söyləyirlər. Onlar iddia edirlər ki, həbsdəkilər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.

XS
SM
MD
LG